Müvəkkil Hüquq Mərkəzi İrandan Naxçıvana hücumla bağlı bəyanat yaydı
Müvəkkil Hüquq Mərkəzi İranın Naxçıvan Muxtar Respublikası istiqamətində pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilən hücum və təxribat xarakterli addımları qətiyyətlə pisləyir.
QHT.az xəbər verir bu barədə Müvəkkil Hüquq Mərkəzi İB bəyanat yayıb.
“Təşkilatımız hesab edir ki, İran tərəfindən Naxçıvan istiqamətində pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilən bu cür addımlar beynəlxalq hüququn fundamental prinsiplərinin, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Mülki əhalinin və mülki infrastrukturun təhlükəsizliyini risk altına qoyan bu cür hərbi xarakterli hərəkətlər beynəlxalq humanitar hüququn normalarına ziddir və qəti şəkildə qəbuledilməzdir.
Müvəkkil Hüquq Mərkəzi hesab edir ki, regionda sülhün və sabitliyin qorunması üçün dövlətlərin beynəlxalq hüquqa hörmət etməsi və hər cür təxribat xarakterli addımlardan çəkinməsi vacibdir. Dinc əhalinin təhlükəsizliyini təhdid edən belə hallara beynəlxalq ictimaiyyət tərəfindən hüquqi və siyasi qiymət verilməsi zəruridir.”